Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə ayrı-ayrılıqda diqqət edək.
Su çərşənbəsi
Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən dominant komponentdir. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti kimi çıxış edir.
Od çərşənbəsi
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib. Məsələnin bu cür etnik-mifoloji kontekstinin müəyyənləşdirilməsi baxımından yanlış qoyulması bayramın atəşpərəstlik və dolayısı ilə irandilli xalqlarla bağlanmasına, bu da öz növbəsində xalqımızın etnogenezesinin qeyri-türk kontekstində axtarılmasına gətirib çıxarmışdır. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır.
Yel çərşənbəsi
Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su binar oppozisiyadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir.
Torpaq çərşənbəsi
Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.
Novruzun tarixi kökləri
Novruz təqvimi ən qədim təqvimlərdən biri hesab edilir və o, günəşin hərəkətinə əsaslanır: dəqiqliyi ilə ilahi məzmun daşıyır. Novruzla bağlı bizə məlum olan ən qədim təqvim miladdan öncə 505-ci ildə bərpa edilmiş «Yeni Avesta» təqvimidir. Buna Zərdüşti-salnamə də deyirlər. Elə buradaca qeyd edək ki, ən qədim «Avesta» haqqında verilən məlumatlar onun Azərbaycan mühiti ilə bağlı olmasını və maqlar tərəfindən təlim edilib yayılmasını təsdiq edir. Maqların tərtib etdiyi qədim «Avesta» təqviminə görə, ilin uzunluğu 360 gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə hər altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha bir ay əlavə edilmişdir. Məhz 505-ci ildə Əhəməni qarı Daranın dövründə bərpa edilmiş Zərdüşti-salnaməsinə görə ilin uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd ildə bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir.
İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır. Ümummüsəlman dünyasında məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən və üstəlik hicri-qəməri təqvim nəzərdə tutulan an dəqiqliyə imkan vermədiyindən bir çox çətinliklər ortaya çıxmışdır. Bir tərəfdən islami dünyagörüş Novruzun keçirilməsini saymamışdır, digər bir tərəfdən isə Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix Miladın 1076 və 1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür. Cəlali adıyla məşhur olan bü təqvim novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə, əslində isə türk ruhuna qayıdışa xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut etməkdədir. Həm məhərrəmin 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklərlə müşayiət edildiyindən, Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından bir az sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.